11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində gizli oyunlar – baş mühəndis həqiqət uğrunda savaşır...VİDEO ŞİKAYƏT

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi Ağayev Kərəm İsabala oğlu Prezidentə müraciət edir.
Meşə təsərrüfatında ədalət axtarışı – baş mühəndis Kərəm Ağayev Prezidentə müraciət edir.
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi Ağayev Kərəm Isabala oğlu redaksiyamıza müraciət edərək cənab Prezident İlham Əliyevdən kömək istəyib.
Kərəm Ağayevin sözlərinə görə, artıq 7 ildir ki, həmin Mərkəzdə qüsursuz fəaliyyət göstərir və ixtisasca ali təhsilli kadastr mühəndisidir. O bildirir ki, 2021-ci ildə işlədiyi Mərkəzin xidməti ərazilərində kağız üzərində göstərilən, amma faktiki mövcud olmayan 138 hektar 5 illik əkini və 840 hektar 7 illik təbii bərpanı saxta şəkildə “örtülü meşə sahəsi” kimi rəsmiləşdirmək cəhdinin qarşısını alıb. Həmçinin, dövlət meşələrində yerləşən mal-qara tövlələrinin və fermanların aktlaşdırılması istiqamətində addımlar atdığı üçün rəhbərlik tərəfindən narazılıqla qarşılanıb.
Mühəndisin iddiasına görə, bu səbəblərdən o, əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilib. Lakin Kərəm Ağayev ədalət axtarışını yarımçıq qoymayıb, məhkəməyə müraciət edərək üç instansiya məhkəməsində də iddiasını sübuta yetirib və yenidən əvvəlki işinə bərpa olunub.
Kərəm Ağayev bildirir ki, buna baxmayaraq, Meşələrin İnkişafı Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində bəzi şəxslər onun kadastr üzrə çalışmasının qarşısını almağa çalışırlar:
“Onlara mənim bu işdə davam etməyim sərf etmir. İndi kadastr ştatını ləğv etmək üçün təklif irəli sürüblər. Halbuki kadastr Mərkəzin ən vacib və zəruri struktur vahidlərindən biridir. Kadastrsız meşə uçotu, bərpa və mühafizə işlərini yerinə yetirmək mümkün deyil. Əks halda bu, işbazlara sərf edir – əkilmiş sahələr, yanğından zərər görmüş torpaqlar və ələ keçirilmiş meşə sahələri gizlədilir.”
Müraciət müəllifinin sözlərinə görə, bəzi şəxslər büdcəyə qənaət bəhanəsi ilə kadastr ştatını ləğv etmək istəyirlər. Lakin Kərəm Ağayev sual edir:
“Əgər məqsəd qənaətdirsə, bəs nə üçün sonradan qondarma şəkildə yaradılmış və ‘a dolayı’ adlandırılan, hər Mərkəzdə 7-8 ədəd olan bölmələr ləğv edilmir? Halbuki bu dolaylar ‘Meşə təşkili’ kitabında yoxdur. Çünki həmin dolaylar bəzi şəxslərin birbaşa qazanc yerinə çevrilib. Oradan çıxarılan işlik materiallar birbaşa sexlərə daşınır.”
Kərəm Ağayev qeyd edir ki, o, yalnız qanun çərçivəsində fəaliyyət göstərib və dövlət əmlakının qorunması üçün mübarizə aparıb. Onun məqsədi, Azərbaycan meşələrinin qanuni, şəffaf və dayanıqlı idarə edilməsidir.
Sonda baş mühəndis cənab Prezident İlham Əliyevə müraciət edərək bu məsələnin araşdırılmasını və ədalətin bərpa edilməsini xahiş edib:
“Mən heç bir şəxsi maraq güdmürəm. Sadəcə dövlət meşələrinin talan edilməsinə, saxtakarlıqlara göz yuma bilmərəm. Ümid edirəm ki, möhtərəm Prezidentimiz mənim kimi dövlətinə sədaqətlə xidmət edən bir mühəndisin səsini eşidəcək.”
Redaksiya olaraq bildiririk ki, qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: