Binəqədidə qanunsuz obyektləşmə: Mənzil fondu kimlərin nəzarətindədir? FOTO-VIDEO

Heqiqixeber.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 149 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində ciddi qanun pozuntusuna yol verilib. Belə ki, binanın 1-ci mərtəbəsində yerləşən mənzil qanunsuz şəkildə qeyri-yaşayış obyektinə çevrilir. Mənzilə əlavə giriş yaradılaraq, jalüz tipli qapı quraşdırılıb və faktiki olaraq yaşayış sahəsi kommersiya obyektinə transformasiya edilir. Bu isə həm qanunvericiliyin, həm də şəhərsalma normalarının açıq-aşkar pozulması deməkdir.
Məsələnin ən narahatedici tərəfi ondan ibarətdir ki, bu hal ilk deyil. Son illər Binəqədi rayonunda, eləcə də paytaxtın bir çox ərazilərində birinci mərtəbədə yerləşən və girişi küçəyə açılan mənzillərin sürətlə obyektə çevrildiyinin şahidi oluruq. Bunun səbəbi isə bəllidir: birinci mərtəbələr “asan yol” hesab olunur. Nə sakinlərin razılığı alınır, nə də binanın texniki təhlükəsizliyi nəzərə alınır. Əsas məqsəd kommersiya marağıdır.
Halbuki, yaşayış binasında hər hansı konstruktiv dəyişiklik – əlavə qapı açılması, divarların sökülməsi, fasadın dəyişdirilməsi – binanın ümumi daşıyıcı sisteminə ciddi zərər vurur. Bu cür müdaxilələr uzunmüddətli perspektivdə binanın istismar müddətini azaldır, təhlükəsizlik risklərini artırır və ən əsası, digər sakinlərin həyat və mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu gün obyekt açmaq üçün divar sökülürsə, sabah həmin binada çatlar, çökmələr və fövqəladə hallar baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq?
Daha düşündürücü məqam isə aidiyyəti qurumların susqunluğudur. Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən və Şəhərsalma və Arxitektura Komitəsindən hər hansı rəsmi açıqlama almaq mümkün olmayıb. Bu isə haqlı olaraq suallar yaradır: Bu dəyişikliklər hansı əsaslarla aparılır? Hansı sənədlərə, hansı icazələrə söykənir? Yoxsa bu da “görmədim, bilmədim” siyasətinin növbəti nümunəsidir?
Əgər bu proseslər nəzarətsiz davam edərsə, yaxın gələcəkdə yaşayış binaları öz funksiyasını itirəcək, şəhər xaotik obyektlər məkanına çevriləcək. Qanun hamı üçün eyni olmalıdır. Bir vətəndaş öz mənzilində istədiyi dəyişikliyi edə bilməzsə, digəri hansı əsasla binanın fasadını deşib obyekt açır?
Bu məsələ təkcə bir ünvanın problemi deyil. Bu, şəhərsalma intizamının, yerli icra orqanlarının məsuliyyətinin və dövlət nəzarət mexanizmlərinin sınağıdır. Aidiyyəti qurumlar susmaq əvəzinə, ictimaiyyətə aydın və hüquqi əsaslandırılmış cavab verməlidir. Əks halda, Binəqədidə baş verən bu qanunsuzluq sabah Bakının digər rayonları üçün də “yaşıl işıq” olacaq.
Adı çəkilənlərin mövqeyini tanıyırıq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: