heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir

26-04-2024, 18:31 1 086 dəfə baxılıb

Sabirabad FHN rəisi Elgün MirzəliyevBu il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, iki görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam oldu. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevi daim ehtiramla xatırlayır. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik bərpa olundu və inkişaf prosesləri başladı.
Ümumiyyətlə, Azərbaycanda bütün sahələrin, o cümlədən də sahibkarlığın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. Böyük dövlət xadimi Heydər Əliyev bu məsələ ilə bağlı bildirib: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
Ulu öndər sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib.
Qeyd edək ki, Ulu öndər hələ 1993-cü ildə "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)' Dövlət Proqramını təsdiq etdi. Bu fakt Onun ölkə sahibkarlarına diqqətinin bariz nümunəsidir. 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzalanan Fərman isə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı, nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən Dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib.
Qeyd edək ki, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin bu sahə ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Belə ki, Ulu öndərin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilib. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib, eləcə də "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər vacib qanunlar qəbul olunub. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirib, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin yaradıb.
Onu da vurğulayaq ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olub. 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" və 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlar məhz bu məsələ ilə əlaqədar olub.
Bunlardan əlavə, Ümummilli lider Heydər Əliyev tərəfindən 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlar imzalanıb ki, bu sənədlər əsasında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilməklə onların qarşısının alınması üçün kompleks islahatlar aparılıb.
Ulu öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı" da təsdiq edilib ki, bu da özəl sektorun dirçəlişində vacib addımlardan biri oldu. Bu sahədə ən mühüm addımlardan biri də dövlət başçısının 27 avqust 2002-ci il tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinin təsdiqlənməsi və onun strukturunun formalaşdırılmasıdır. Hazırda da bu Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərir, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olur.
Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev mütəmadi olaraq iş adamları ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır və bu problemlərin həlli üçün lazımi addımlar atırdı. Belə görüşlərə misal olaraq 2002-ci ilin 25 aprel tarixində yerli və həmin ilin may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Beləliklə, Ulu öndərin diqqət və qayğısı nəticəsində 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətində uğurlu siyasət həyata keçirildi. Bu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artdı.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bölgələrində və Bakıda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var: "Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək".
Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb.
Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir: "Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır. 

Qeyd edək ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular bir neçə il gömrük rüsumlarından azad olunub. 

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə cevrilmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəciliyi məktəbinə cevrilmişdir. Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - Azərbaycanlı kimi əbədi həkk olunub. Və bu ad əsrlər boyu qalacaq, hər zaman dərin hörmətlə, ehtiramla anılacaq.

 

Həqiqixeber.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2024    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930