Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclisə secilmiş İmamverdi İsmayılov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
QISA TANIŞLIQ
1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl qələm» mükafatı laureatıdır. Bir neçə kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, 1987–1990-cı illərdə Azərbaycan Televiziyasının «Gənclik» Baş redaksiyasının baş redaktoru, 1990–1992-ci illərdə «Kirpi» satira jurnalının şöbə redaktoru vəzifələrində çalışmışdır. Hazırda Respublika Mətbuat Fondunun sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan millət vəkili İmamverdi İsmayılov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir həmkarlar məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri deputatı müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, deputat İmamverdi İsmayılov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən millət vəkillərindəndir.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri millət vəkili İmamverdi İsmayılovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə İmamverdi müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir vəzifəli şəxs sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir adamdır. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Millət vəkili İmamverdi İsmayılovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu İmamverdi müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Millət vəkili İmamverdi İsmayılovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı millət vəkili, gözəl insan və əsl Vətən daşı!
P.S:
"Məlum olduğu kimi bu günlərdə Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və 2024-cü il sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi. Təbii ki, bu gözlənilən qərar idi. Çünki ərazi bütövlüyü və suverenliyini tam bərqərar etmiş Azərbaycanımızın uzun müddət işğal altında olan şəhər, rayon, kənd və qəsəbələrinin parlamentdə təmsil olunması bir obyektiv zərurətdir. Amma bu növbədənkənar prezident seçkiləri kimi, növbədənkənar parlament seçkiləri üçün də tək səbəb deyil. Növbədənkənar parlament seçkilərini iki aya önə çəkilməsini şərtləndirən ölkəmizin, xüsusən, paytaxt Bakının bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) adlı möhtəbər tədbirə ev sahibliyi etməyə hazırlaşmasıdır".
Bunu Həqiqixeber.az-a deputat İmamverdi İsmayılov deyib.
O, qeyd edib ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: "Hətta indiyə qədər Bakıda baş tutmuş iri formatlı tədbirlərdən olan Avropa Oyunlarını xatırlasaq, o vaxt respublikamıza 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Bu möhtəbər tədbirin qalib ölkənin adına layiq şəkildə keçirilməsi sıravi vətəndaşdan tutmuş səlahiyyətli şəxslərə dövlət qurumlarından özəl təşkilatlara qədər cinsindən, milliyətindən, dilindən, dinindən aslı olmayaraq, belə demək mümkünsə 7-dən 77 yə hamı səfərbər olmalı, hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir. Belə olan halda parlament seçkiləri kimi olduqca əhəmiyyətli tədbirin də COP29-la bir araya gətirilməsi praktik olaraq mümkün deyildir. Başa düşürük ki, mövcud Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Ancaq bütün bunlar çox böyük məsuliyyət, həssaslıq tələb edən proseslərdir, biri digərinə mane olmamalıdır. Ona görə ən düzgün qərar o oldu ki, parlament seşkilərini sentyabr ayında yüksək səviyyədə keçirməklə bütün fəaliyyəti COP29-a fokuslandırmaq mümkün olacaq."
İmamverdi İsmayılov deyib: "Hakim partiya olaraq Yeni Azərbaycan Partiyası hər bir seçkini seçicisi qarşısında hesabat məsuliyyəti kimi dəyərləndirdiyi üçün bu proseslərə həmişə hazırlıq vəziyyətində olur. Ona görə bu dəfəki seçkilərdə də xüsusi hazırlıq prosesləri həyata keçirilməsinə gərək qalmır. Mövcud qanunvericiliyin və Mərkəzi Seçki Komisiyasının müəyyənləşdirdiyi təlimata uyğun şəkildə proseslər ardıcıl şəkildə vaxtında və operativ şəkildə yerinə yetiriləcək əsas məqsədə çatılacaq. Ən əsası bu ilin fevral ayında yaradılan prezident seçki ab-havasını, xüsusən də seçici fəallığını bu dəfə parlament seçkiçisində bərqərar edəcəyik. Bundan ötrü Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi yeddinci çağırış Milli Məclisə hər bir ərazi üzrə seçiciləri tərəfindən birmənalı qəbul edilən nüfuzlu şəxsiyyətlərin namizədliyini irəli sürəcək və onların təbliğat-təşviqat kampaniyasını da yüksək səviyyədə, amma heç bir çətinlik çəkmədən təşkil edəcək.
Qoy, seçkidən-seçkiyə seçicini yada salan və yalnız seçki müddətində qara-piarla təbliğat aparmağa çalışan bəzi bəd niyyətli qara qüvvələr narahat olsunlar. Onların bu növbədənkənar parlament seçki qərarına şübhə ilə yanaşmaları, özlərinə sərf edən yorumlar, şərhlər bildirmələri tamamilə absurd fikirlərdir. Onsuz da həmişə hakim partiyaya, mövcud iqtidara Qarabağ problemi üzərindən gəlib, hakimiyyətə can atan radikal kəsimin bəhanələrinə gözləmədikləri halda son verilib. Onlar artıq əmindirlər ki, xalqın qarşısına çıxıb, demokratiya, vicdan azadlığı kimi uyduracaqları nağıllara bundan sonra heç kim, hətta özləri də inanmayacaq. Namizəd kimi qeydə alınmaqları üçün cəmi 400-500 imzanı toplamaqda aciz qalanlar öz ailə üzvlərini də özlərinə səs verdirə bilməyəcəklərini yaxşı başa düşürlər".
Həqiqixeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.