Elmed klinikasında qanunsuz kosmetoloji fəaliyyət iddiası – tibbi təhsili olmayan şəxsin fəaliyyəti araşdırılır

Heqiqixeber.az xəbər verir ki, Elmed klinikasının direktoru Elvin Səfərovun və baş həkimi Feyruzun tibbi təhsili olmayan şəxsin kosmetoloji fəaliyyətinə şərait yaratmaqla Azərbaycan Respublikasının qanunlarını pozduğu iddia olunur.
Redaksiyamıza daxil olan məlumatlara görə, Sevinc Dəmirova adlı şəxsin heç bir tibbi təhsili yoxdur və onun hər hansı ali və ya orta ixtisas tibb müəssisəsini bitirmədiyi bildirilir. Buna baxmayaraq, Sevinc Dəmirovanın Elmed klinikasında kosmetoloji prosedurlar həyata keçirdiyi, bunun üçün ona otaq icarəyə verildiyi iddia olunur.
Xatırladaq ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tibbi və invaziv kosmetoloji xidmətlər yalnız müvafiq tibbi təhsili, sertifikatı və lisenziyası olan şəxslər tərəfindən göstərilə bilər. Tibbi təhsili olmayan şəxsin bu sahədə fəaliyyəti qanunvericiliyin kobud pozuntusu hesab olunur və həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.
Araşdırma zamanı Elmed klinikası ilə əlaqə saxlanılıb. Klinikadan ilkin olaraq Sevinc Dəmirovanın onların müəssisəsində kosmetoloq kimi fəaliyyət göstərdiyi bildirilib. Lakin daha sonra diplom məsələsi ilə bağlı ünvanladığımız suallara cavab olaraq klinika rəhbərliyi Sevinc Dəmirovanın guya onların əməkdaşı olmadığını deyərək məsuliyyəti üzərindən atmağa cəhd edib. Bu ziddiyyətli mövqelər isə ictimaiyyət üçün ciddi suallar doğurur.
Mütəxəssislər qeyd edirlər ki, son illər kosmetoloji xidmətlərin nəzarətsiz şəkildə yayılması pasiyentlərin sağlamlığı üçün real təhlükə yaradır. Tibbi təhsili olmayan şəxslərin bu sahədə fəaliyyəti ağır fəsadlara səbəb ola bilər.
Hazırda məsələ ilə bağlı araşdırmamız davam edir. Redaksiyamız qarşı tərəfin əsaslandırılmış mövqeyini dinləməyə və rəsmi açıqlamasını dərc etməyə hazırdır.
[media=https://www.youtube.com/shorts/pbfabu7Nz8Q]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: