Şəkərdən imtina etdikdə orqanizmdə hansı dəyişikliklər baş verir?

Əgər çoxlu şəkər qəbul edirsinizsə, ondan qurtulmaq yaxşı fikir kimi görünə bilər. Əksər səhiyyə mütəxəssisləri şəkəri əslində heç bir sağlamlıq faydası verməyən bir dərmanla müqayisə edirlər. Diyetoloqun sözlərinə görə, insan orqanizmi artıq "çox effektiv detoks sistemi”nə – qaraciyər və böyrəklərə malikdir. Buna görə ayrıca "şəkər detoksu”na ehtiyac yoxdur.
Qayanrinfo xəbər verir ki, bu barədə "Eat This, Not That" jurnalı yazır.
"Əslində baş verən odur ki, orqanizm əlavə şəkərin azaldılmasına uyğunlaşır və bu, xüsusilə başlanğıcda kəskin hiss edilə bilər", deyə diyetoloq Tara Kollinqvud bildirib.
Mütəxəssis şəkərdən imtina etdikdə baş verən dəyişiklikləri mərhələlərlə izah edib:
1. İlk bir saat ərzində
Qan şəkəri daha az sıçrayış edir, xüsusilə şirin qidaya öyrəşmiş insanlarda bu dəyişiklik hiss olunur. İnsulin reaksiyası daha sabitləşir və nəticədə enerji "dalğalanmaları” azalır.
2. İlk günün sonunda
Qan şəkəri gün ərzində daha stabil olur. Lakin baş ağrısı, əsəbilik və şirniyyata güclü istək kimi əlamətlər yarana bilər.
Diyetoloqun sözlərinə görə, bu, əsl "abstinent sindromu” deyil, beynin dopamin reaksiyasının azalmasına uyğunlaşmasıdır.
3. Bir həftə sonra
Şirniyyat istəyi azalır, dad reseptorları "yenidən kalibrlənir” və qidalar daha təbii şirin görünməyə başlayır. Enerji daha sabit olur, həzm sistemi yaxşılaşa bilər, bəzi insanlarda köp azalır.
4. Bir ay sonra
Qan şəkərinə nəzarət və insulin həssaslığı yaxşılaşa bilər. Əgər əvvəl çox şəkər istifadə olunurdusa, çəki azalması da mümkündür. Eyni zamanda əhval daha sabit olur və enerji enişləri azalır.
Kollinqvudun sözlərinə görə, orqanizmin şəkərə uyğunlaşması adətən 3–7 gün çəkir. Metabolizm və dad hisslərində daha nəzərəçarpan dəyişikliklər isə 2–4 həftə ərzində baş verir.
Şəkərdən imtina üçün tövsiyələr
Mütəxəssis qəfil tam imtinanı yox, mərhələli yanaşmanı tövsiyə edir.
O bildirir ki, meyvə və süd məhsullarından imtina etmək lazım deyil, əsasən əlavə şəkər olan məhsullar – qazlı içkilər, şirniyyat, xəmir məmulatları azaldılmalıdır.
Diyetoloq həmçinin qeyd edir ki, müntəzəm qidalanma vacibdir, çünki yeməkləri ötürmək şirniyyat istəyini artırır. Kifayət qədər su içmək də vacibdir, çünki susuzluq da şirin qida istəyi yarada bilər.
"Ya hər şey, ya heç nə” yanaşması adətən əks effekt verir. Əlavə şəkərin azaldılması enerji, əhval və metabolizm üçün faydalıdır, lakin orqanizm "zəhərlənmiş” deyil. Burada söhbət detoksdan yox, dad vərdişlərinin yenidən formalaşmasından gedir”, deyə Kollinqvud vurğulayıb.
Aydın
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: