“UĞUR 777 estetik mərkəz”ində qanunsuz estetik əməliyyat edən "həkim"lərin işi məhkəmdə - Siyahıda kimlər var?

“Heqiqixeber”in məlumatına görə, “UĞUR 777 estetik mərkəz”ində yol verilən qanunsuzluqlarla bağlı başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası mayın 25-nə təyin olunub.
Cinayət işi üzrə Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva təqsirləndirilən şəxslər qismində məhkəmə qarşısına çıxarılıblar.
Qeyd edək ki, ötən ilin dekabr ayında mediada yayılan videogörüntülər və məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalara başlanılmışdı. Aparılan araşdırmalar zamanı Xəyalə İsmayılovanın adına qeydiyyata alınmış “UĞUR 777 estetik mərkəz”inin müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
İstintaq materiallarına əsasən, həmin mərkəzdə tibbi standartlara əməl olunmadan müxtəlif estetik əməliyyatlar və kosmetoloji prosedurlar həyata keçirilib. Bu fəaliyyət nəticəsində xəstəliklərin yayılması və insanların sağlamlığına ciddi zərər vurulması ilə bağlı əsaslı şübhələr yaranıb.
Araşdırmalar zamanı məlum olub ki, özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Zairə Salmanova və digər şəxslərin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, eləcə də praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya şəhadətnamələri olmayıb.
İddialara görə, həmin şəxslər tərəfindən müxtəlif vətəndaşların üzərində aparılan estetik cərrahi müdaxilələr nəticəsində onların sağlamlığına ağır xəsarətlər yetirilib.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanılıb. İbtidai istintaqın davam etdirilməsi üçün materiallar aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilib.
Bundan əlavə, Xəyalə İsmayılova barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə də inzibati icraat başladılıb. Həmin materiallar baxılması üçün Səhiyyə Nazirliyinə təqdim olunub.
Məsələ cəmiyyətdə geniş rezonans doğurub. Ekspertlər bildirirlər ki, estetik prosedurların qeyri-peşəkar şəxslər tərəfindən aparılması insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Buna görə də bu sahədə nəzarətin daha da gücləndirilməsinin vacibliyi vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: