Sumqayıt Su Kanal İdarəsi "kanalizasiya problemi" qarşısında ACİZ QALIB
Sumqayıtın Katec qəsəbəsinin əksər məhəllələrində illərcədir kanalizasiya problemi yaşanır. İsti havada pis qoxudan, soyuqda isə yığılan tullantı və yağış sularından əziyyət çəkirik. Evlərimizdə sudan istifadə edə bilmirik. Küçələrdə antisanitariya baş alıb gedir. XXI əsrdə sürətlə inkişaf edən Sumqayıtda Su idarəsininin bu cür problemin yaşatması ən azından özbaşınalıqdır.
Kanalizasiya xətləri bərbad vəziyyətdədir, yenidən qurulmalıdır. Sakinlər bununla bağlı dəfələrlə "Azərsu" ASC-nin Sumqayıt şəhər Su və Kanalizasiya İdarəsinə, Sumqayıt Şəhər Bələdiyyəsinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət etsələr də, lakin heç bir nəticə yoxdur.
Sumqayıt Su Kanal İdarəsi dövlət başçımızın xəbərdarlıqlarına məhəl qoymur, əhalinin problemləri ilə qətiyyən maraqlanmır. 2 ildir ki, “Sumqayıt Sukanal” İdarəsinə rəis təyin olunan Xalid Quluzadənin rəhbərlərindən soruşmaq istəyirik ki, Sumqayıt Su Kanal İdarəsi öz funksiyalarını yerinə yetirmirsə, bu idarənin fəaliyyəti kimə gərəkdir? Dövlət orada oturanlara nə üçün maaş verməlidir?
Unutmayın günü-gündən yenilənən, gözəlləşən Sumqayıt əhalisinin kanalizasiya problemi qarşısında aciz qalması şəhərin nüfuzuna ağır zərbədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardı var...
Həqiqixəbər.az