Tramp niyə Türkiyədən başqa təyyarə ilə qayıtdı? - Sui-qəsd planı iddiası

“ABŞ Prezidenti Donald Trampı NATO sammiti zamanı Türkiyədə qətlə yetirməyi planlaşdırıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə İsrailin “12-ci kanal”ı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Xüsusi xidmət orqanlarının məlumatına görə, sui-qəsdin hazırlanmasının arxasında Tehran dayanıb. Xəbərdarlıq ABŞ tərəfini Trampın Türkiyəyə səfər etdiyi təyyarəni dəyişməyə məcbur edib.
Belə ki, ABŞ mətbuatının yazdığına görə, Ağ Ev rəhbəri Ankaraya Qətər kral ailəsinin hədiyyə olaraq verdiyi yeni təyyarə ilə səfər etsə də, ölkəsinə köhnə təyyarə ilə qayıdıb. Buna səbəb, yeni təyyarədə raket zərbələrindən müdafiə sisteminin olmaması olub.
Bildirilir ki, son vaxtlar Ağ Ev administrasiyası Trampın həyatı üçün mümkün təhdidlər barədə mütəmadi məlumatlar alıb. Tramp özü də sammit çərçivəsində çıxışı zamanı sui-qəsd qurbanı ola biləcəyini bildirib və özünü “İranın qətl siyahısında bir nömrəli şəxs” adlandırıb. O həmçinin bildirib ki, İran tərəfindən sui-qəsdə uğrayacağı təqdirdə İslam Respublikasına qarşı hərbi zərbələrin endirilməsi ilə bağlı əvvəlcədən göstəriş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: