Məktəbdə özbaşınalıq iddiası: Müəllimin “Prinsipi” uşağın təhsilini təhdid edir. Xırdalan 10 nömrəli məktəbdə nələr baş verir?

Abşeron rayonu Xırdalan şəhərində yerləşən 10 saylı tam orta məktəbdə baş verdiyi iddia olunan hadisə ciddi narahatlıq doğurur. “Heqiqixeber.az” xəbər portalının baş redaktoru Məhruba Usubova qeyd edir ki, həmin məktəbin müəllimi Günay Baxışovanın davranışları azyaşlı şagird olan nəvəsi psixoloji vəziyyətinə mənfi təsir göstərərək onun təhsildən yayınmasına səbəb olur.
İddialara görə, söhbət 4-cü sinifdə təhsil alan azyaşlı şagirddən gedir. Valideyn bildirir ki, müəllim tərəfindən uşaqla qeyri-pedaqoji münasibət sərgilənir, şəxsi münasibətlər tədris prosesinə daşınır və nəticədə şagird məqsədli şəkildə diqqətdən kənarda saxlanılır. Bu isə təhsil sistemində qəbulolunmaz hal kimi qiymətləndirilir.
Ən ciddi məqamlardan biri isə odur ki, valideynin xəbəri və razılığı olmadan azyaşlı şagird məktəbin psixoloquna yönləndirilib. Təhsil müəssisələrində psixoloji xidmət vacib olsa da, bu cür addımların valideynlə razılaşdırılmadan həyata keçirilməsi həm etik, həm də hüquqi baxımdan suallar doğurur. Bu, valideyn hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər.
Şikayətdə qeyd olunur ki, müəllim valideynlə açıq şəkildə “prinsip apardığını” bildirir. Hətta valideynin “Valideyn qrupuna niyə əlavə olunmuram?” sualına müəllimin “Səninlə prinsipimiz var deyə səni o qrupa salmayacam” cavabını verməsi vəziyyətin nə qədər gərgin və qeyri-sağlam olduğunu göstərir. Təhsil müəssisəsində valideynlə bu cür münasibətin olması qəbuledilməzdir və peşə etikası ilə uzlaşmır.
Bununla yanaşı, məktəbdə keçirilən tədbirlər, yeniliklər və digər mühüm məlumatlar ondan gizlədilir. Nəticədə şagird məktəbin ictimai həyatından kənarda qalır, sosiallaşma imkanları məhdudlaşdırılır. Bu isə uşağın həm psixoloji inkişafına, həm də məktəbə olan marağına ciddi zərbə vurur.
Daha narahatedici məqam isə odur ki, şagirdin dərs göstəriciləri yaxşı olduğu halda, qiymətlərinin süni şəkildə aşağı salınır. Bu cür yanaşma təhsil sistemində obyektivlik prinsipinin pozulması deməkdir. Əgər bu iddialar təsdiqini tapsa, bu, yalnız bir şagirdə deyil, ümumilikdə təhsil sisteminə olan etimadı sarsıdan ciddi hal kimi qiymətləndirilməlidir.
Stress çarxını aldıran məktəbin psixoloqu Zəkəriyəzadə Arzu tərəfindən azyaşlı şagirdə “stress çarxı” (stress oyuncağı) aldırılması da anlaşılmaz və izahsız qalır. Bu addımın hansı məqsədlə atıldığı, pedaqoji və ya psixoloji əsasının olub-olmaması sual doğurur. 4-cü sinif şagirdinin bu cür vasitələrə yönləndirilməsi əvəzinə onun sağlam psixoloji mühitdə təhsil alması təmin edilməlidir. Onu da qeyd edək ki, adıçəkilən şagird idmanın Kingboxing növü ilə məşğul olur və dəfələrlə Azərbaycan bayrağını yüksəkliklərə qaldırmışdır. Əgər şagirddə psixoloji problem olsaydı idmanda nailiyyətləri olacaqdırmı?
Baş verənlərin ən ağır nəticəsi isə artıq özünü göstərir: şagird dərsə getmək istəmir. Bu isə birbaşa olaraq psixoloji təzyiqin və məktəbdaxili münasibətlərin nəticəsi kimi qiymətləndirilir. Təhsildən soyuyan bir uşağın gələcəyi ilə oynamaq heç bir halda yolverilməzdir.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək heç bir ciddi tədbir görülməyib. Bu isə cəmiyyətdə haqlı olaraq suallar yaradır: məktəbdə baş verən bu kimi hallara niyə vaxtında reaksiya verilmir? Niyə azyaşlı şagirdin hüquqları qorunmur? Təhsil Naziri Emin Əmrullayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın və yaxud məktəb direktorunun təhsil müəssisəsində baş verən bu cür neqativ hallardan xəbəri varmı?
Təhsil müəssisəsi təkcə bilik verən məkan deyil, həm də uşaqların formalaşdığı, psixoloji və sosial inkişaf etdiyi bir mühitdir. Bu mühitdə müəllimin rolu isə həlledicidir. Müəllim nümunə olmalı, uşaqlara dəstək verməli, onların inkişafına töhfə verməlidir. Əgər müəllim öz şəxsi münasibətlərini şagirdə və valideynə qarşı alətə çevirirsə, bu artıq pedaqoji yox, ciddi intizam pozuntusudur.
Məsələ ilə bağlı aidiyyəti qurumların dərhal araşdırma aparması, səsləndirilən iddiaların obyektiv şəkildə yoxlanılması və zəruri tədbirlərin görülməsi vacibdir. Əks halda bu cür hallar digər məktəblər üçün də təhlükəli presedent yarada bilər.
Unutmaq olmaz ki, söhbət azyaşlı bir uşağın taleyindən gedir. Onun təhsilə marağının itirilməsi, psixoloji travma alması və gələcək həyatına mənfi təsir göstərilməsi cəmiyyət üçün ciddi siqnaldır. Təhsil sistemində baş verən hər bir neqativ hal dərhal aradan qaldırılmalı, uşaqların hüquqları və rifahı hər şeydən üstün tutulmalıdır.
Adıçəkilənlərin mövqeyini tanıyırıq.
Heqiqixeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: