Sertifikat məsələsi yenidən gündəmdə: Fuad Abdullayevin fəaliyyəti ilə bağlı suallar artır

Bakıda fəaliyyət göstərən "İstanbul" klinikasında çalışan ümumi cərrah Fuad Abdullayevin plastik və estetik əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar yenidən ictimai müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı yayılan məlumatlarda bildirilir ki, Fuad Abdullayev plastik cərrahiyyə üzrə sertifikata malik olmadığı halda estetik əməliyyatlar aparmağa davam edir. İddialara görə, əməliyyatlar formal olaraq müvafiq ixtisasa malik həkimlərin adına rəsmiləşdirilsə də, praktiki icra prosesini məhz Fuad Abdullayev həyata keçirir.
Qeyd olunur ki, bu, onun adı ətrafında yaranan ilk mübahisə deyil. Daha əvvəl də müxtəlif tibb müəssisələrində fəaliyyəti ilə bağlı oxşar iddialar gündəmə gəlib.
Məlumatlara əsasən, Fuad Abdullayev əvvəlki illərdə "New Med" klinikasında ümumi cərrah kimi fəaliyyət göstərib. Həmin dövrdə keçirilmiş yoxlamalar nəticəsində onun sertifikatsız tibbi fəaliyyət göstərdiyi iddia olunmuş və bu səbəbdən tibb müəssisəsi inzibati məsuliyyətə cəlb edilmişdi.
KİV-də daha əvvəl dərc olunan materiallarda isə bildirilib ki, Fuad Abdullayev uzun illər ümumi cərrah kimi fəaliyyət göstərsə də, sonradan estetik və LOR cərrahiyyəsi istiqamətində çalışmağa başlayıb. Bununla yanaşı, onun plastik cərrahiyyə üzrə müvafiq ixtisas sənədlərinin olmadığı barədə məlumatlar da yayılıb.
Diqqət çəkən məqamlardan biri də odur ki, 2025-ci ilin aprel ayında açıqlanan və plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti aparmasına icazə verilmiş həkimlərin rəsmi siyahısında Fuad Paşa oğlu Abdullayevin adına rast gəlinmir.
Buna baxmayaraq, sosial media hesablarında o, özünü plastik, estetik və LOR cərrahı kimi təqdim edir, müxtəlif estetik əməliyyatların nəticələrini paylaşır və pasiyent rəylərini yayımlayır. Paylaşımlarda rinoplastika, abdominoplastika, mammoplastika və digər estetik müdaxilələrin həyata keçirildiyi göstərilir.
Mətbuatda yer alan digər məlumatlarda qeyd edilir ki, jurnalistlərin Fuad Abdullayevin köməkçisi ilə apardığı danışıq zamanı onun hazırda da plastik əməliyyatlar icra etdiyi bildirilib. Həmin söhbətdə rinoplastika əməliyyatının bütün xərclər daxil olmaqla 1675 manat olduğu qeyd edilib.
İddialara görə, Fuad Abdullayev hazırda da "İstanbul" klinikasında estetik əməliyyatlar aparır və bu fəaliyyət sosial şəbəkələr vasitəsilə reklam olunur.
Məsələ ilə bağlı "İstanbul" klinikasının rəhbəri Əziz Quliyev jurnalist sorğusuna cavabında Fuad Abdullayevin klinikada çalışdığını təsdiqləyib. Bununla yanaşı, onun hansı növ əməliyyatlar icra etməsi barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, bu məlumatlar müxtəlif media orqanlarında dərc olunmuş materiallara və irəli sürülən iddialara əsaslanır. Fuad Abdullayev və ya aidiyyəti qurumlar tərəfindən bu iddialarla bağlı verilə biləcək əlavə açıqlamalar məsələyə daha geniş aydınlıq gətirə bilər. Mübahisəli məsələlər üzrə yekun hüquqi qiymətləndirmə isə yalnız səlahiyyətli dövlət orqanları tərəfindən verilə bilər.
Qarşı tərəfin möbqeyini tanıyırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: